SOCAR-ın “Yaşıl İstiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanılıb
7 mart 2025-ci il tarixində “SOCAR Tower”də SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında (BFB) tədavülünə başlanması ilə bağlı rəsmi tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, eləcə də BFB, MDM, bank, sığorta və investisiya şirkətlərinin rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SOCAR istiqrazlarına həsr olunmuş videoçarxın nümayişindən sonra çıxış edən natiqlər dünya miqyasında bərpa olunan enerjiyə artan tələbat və ekoloji məsələlərə həssas yanaşmanın əhəmiyyətindən bəhs ediblər. Azərbaycanın strateji hədəfləri, bu istiqamətdə həyata keçirilən addımlar və SOCAR-ın bərpa olunan enerji sahəsində reallaşdırdığı layihələr haqqında ətraflı məlumat verilib.
Xüsusilə vurğulanıb ki, “yaşıl istiqrazlar” SOCAR-ın dayanıqlı inkişaf hədəflərinə uyğun şəkildə daxili kapital bazarlarına yeni imkanlar qazandırır. 2016-cı ildən etibarən buraxılan SOCAR İstiqrazlarının yerli kapital bazarında yaratdığı müsbət dinamika, investorların uzunmüddətli inam və marağının qazanılması, eləcə də bu istiqrazların son illərdə yaratdığı iqtisadi dəyər xüsusi qeyd edilib.
SOCAR-ın “yaşıl istiqraz”larının bazara çıxarılması ekoloji cəhətdən dayanıqlı investisiya alətlərinin genişlənməsi baxımından strateji əhəmiyyət kəsb edir və bu istiqamətdə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Tədbirin yekununda rəmzi “açılış zəngi” çalınaraq SOCAR-ın “yaşıl istiqraz”larının BFB-də təkrar bazar əməliyyatlarına start verilib. Ardınca rəmzi istiqraz vərəqəsi imzalanıb və xatirə şəkili çəkdirilib.
SOCAR-ın “yaşıl istiqraz”ları şirkətin kapital bazarlarında strateji mövqeyini daha da gücləndirməklə yanaşı, onun ekoloji dəyərlərə sadiqliyini və dayanıqlı inkişaf prioritetlərini özündə ehtiva edir.
Kateqoriyalar